Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN BEYNƏLXALQ TƏŞKİLATLARIN FƏAL ÜZVÜDÜR

Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək, uzun illər Təşkilatın rəhbər orqanı – İcraiyyə Komitəsində təmsil olunur.

Sentyabr ayının 4-dən 10-dək Niderlandın Haaqa şəhərində bütün qitələrdən olan 400-dən çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Assosiasiyanın 15-ci İllik Konfransı, Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

Tədbirlərdə ölkəmiz Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət olan nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Konfransın Niderlandın Şahzadəsinin iştirakı ilə Parlamentdə keçirilmiş təntənəli açılışında Krallığın ədliyyə naziri çıxış etmiş, tədbirdə beynəlxalq cinayətkarlığın yeni xüsusiyyətləri, hüquqi yardımın səmərəliliyinin artırılması, cinayətkarların ekstradisiyası, dəniz quldurluğu ilə mübarizə və digər aktual məsələlər müzakirə edilmişdir.

Ölkəmizin nümayəndə heyəti tərəfindən iclaslarda fəal iştirak olunaraq Konfransın əsas məruzəçisi qismində və seminarlarda çıxışlar edilmişdir.

İcraiyyə Komitəsinin iclasında bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən səlahiyyət müddəti başa çatan İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilmişdir. Assosiasiyanın mövcud qaydalarına əsasən Komitənin üzvləri ingilis dilini sərbəst bilməlidirlər və üç illik müddətə yalnız bir dəfə təkrar seçilə bilərlər. Lakin, ölkəmizin Assosiasiyanın inkişafına verdiyi böyük töhfələr nəzərə alınaraq İcraiyyə Komitəsinin üzvü olan Azərbaycan nümayəndəsinin səlahiyyət müddəti müstəsna qaydada 1998-ci ildən hazıradək bir neçə dəfə uzadılmış və 2010-cu ildə başa çatmışdır. Bununla əlaqədar, İcraiyyə Komitəsinin fəaliyyətinə dəyərli töhfələrinə görə ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın Xüsusi Xidmətlər Sertifikatı ilə təltif olunmuş və Assosiasiyanın Senatına üzv edilmişdir.

Dünyada nüfuzunun getdikcə artan Assosiasiyanın rəhbər orqanında Azərbaycanın təmsil olunmasının əhəmiyyəti və böyük imkanlar verdiyi nəzərə alınaraq, Komitədə Avropa qitəsi üçün nəzərdə tutulmuş yerə ölkəmizdən də namizəd irəli sürülmüşdür. Gərgin rəqabət şəraitində keçən seçkilər nəticəsində məhz Azərbaycanın namizədi - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın Ümumi Yığıncağında İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

Həmçinin, qondarma Dağlıq Qarabağ Respublikası baş prokurorunun Assosiasiyanın fərdi üzvlüyünə qəbul edilməsi ilə bağlı məsələ Azərbaycan tərəfinin qəti etirazına əsasən İcraiyyə Komitəsinin gündəliyinə çıxarılmış, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi hazırlanmış BMT, ATƏT, Avropa Şurası və Avropa İttifaqının qətnamə və digər rəsmi sənədlərindən ibarət toplu Komitə üzvləri arasında yayılmışdır. Nümayəndə heyətimizin rəhbəri tərəfindən Azərbaycanın haqlı mövqeyi barədə geniş məlumat verilmiş və müzakirələr nəticəsində milli maraqlarımıza uyğun qərar qəbul olunmuşdur.

Səfər zamanı həmçinin, Azərbaycan və Niderlandın ədliyyə nazirləri arasında səmimi şəraitdə işgüzar görüş keçirilərək əməkdaşlıq məsələləri müzakirə olunmuş, o cümlədən Niderlandda xarici rəsmi sənədlərin leqallaşdırılması tələbinin Azərbaycana münasibətdə ləğv edilməsi və istifadəsinin asanlaşdırılması bildirilmişdir.

Bununla yanaşı, Konfrans çərçivəsində bir sıra dövlətlərin prokurorluq, ədliyyə və məhkəmə orqanlarının rəhbərləri ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə dair danışıqlar aparılmışdır.

Eyni zamanda, iqamətgahı Haaqada yerləşən AVROCAST (Avropa Ədliyyəsi) təşkilatına səfər edilərək qurumun Prezidenti ilə görüş keçirilmiş, qarşılıqlı fəaliyyətinin imkanları araşdırılmış, konkret təbirlərin keçirilməsi müzakirə edilmişdir.

Bununla yanaşı Niderland Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutuna baş çəkilərək ekspertizanın müasir imkanları ilə tanış olunmuş, əməkdaşlığa dair danışıqlar aparılmışdır.





Çap et

16.09.2010
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az