Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
YENİ İSTİFADƏYƏ VERİLMİŞ MASALLI MƏHKƏMƏ KOMPLEKSİ İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB

Bakı, 4 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib, binada yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına, həmçinin Masallı rayonunda yeni inşa edilmiş müasir Məhkəmə Kompleksi barədə məlumat verilib, binanın virtual təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, istifadəyə hazır olan Masallı Məhkəmə Kompleksi iyunun 4-də ictimaiyyətə təqdim olunub. Bu münasibətlə Ədliyyə Nazirliyinin aidiyyəti rəhbər işçilərinin, Milli Məclisin deputatlarının, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, bölgənin hakimlərinin, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanları işçilərinin, vəkillərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib, media-tur təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə binanın foyesində ümummilli lider Heydər Əliyevin barelyefi qarşısına gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra bina ilə tanışlıq olub.

Bildirilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində ərsəyə gələn Masallı Məhkəmə Kompleksi dövlətimizin başçısının tapşırığı ilə tikilmiş Masallı “ASAN Həyat” kompleksinin və Olimpiya İdman Kompleksinin yerləşdiyi zonada inşa olunub.

Konseptual baxımdan yeni olan, funksionallığı ilə fərqlənən, dörd məhkəməni əhatə edən kompleks ölkəmizdə inşa olunmuş üçüncü məhkəmə kompleksidir. Bu komplekslər "bir qapı" prinsipi ilə fəaliyyət göstərərək ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir.

Ümumi sahəsi 3700 kvadratmetr olan, iki mərtəbədən və zirzəmi qatından ibarət kompleksdə müasir şərait yaradılıb, qabaqcıl İKT-lər, məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan verən elektron məlumat köşkləri, tabloları və məhkəmə rüsumlarının yerində ödənilməsi məqsədilə ASAN ödəniş terminalı quraşdırılıb. Həmçinin əhalinin həssas təbəqəsi olan əlil vətəndaşların rahat hərəkət etmələri üçün binada bütün zəruri şərait mövcuddur.

Digər müasir məhkəmə binalarında olduğu kimi, bina inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Məlumat verilib ki, binada yaradılmış 44 günlük Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunan stendlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşünü və xalqımızın Böyük Qələbəsini, dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş doğma torpaqlarımıza müntəzəm səfərlərini və həmin ərazilərin dirçəldilməsi istiqamətində görülən bərpa-quruculuq işlərini əks etdirən fotolar nümayiş etdirilir.

Burada, eyni zamanda, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə ədliyyə və məhkəmə sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.

Diqqətə çatdırılıb ki, kompleksdə rayon məhkəməsi ilə yanaşı, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılaraq ötən ildən fəaliyyətə başlamış kommersiya və inzibati məhkəmələr, habelə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bu bölgəyə aid işlərə yerində baxılacaq.

Kompleksdə dörd məhkəmə zalında proseslərə müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün "Femida" sistemi quraşdırılıb. İnnovasiyalar və digər avadanlıqlar təchiz olunmaqla yaradılmış müasir şərait bölgənin 1 milyon 700 min sakininin əlçatanlığına və onlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.

Binada 13 hakimin və bütövlükdə orada çalışacaq 70-dək işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait yaradılıb.

Tanışlıqdan sonra məhkəmənin konfrans zalında keçirilən tədbirdə Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov çıxış edərək son illər dövlətimizin başçısı tərəfindən müasir çağırışlara uyğun həyata keçirilən məhkəmə-hüquq islahatlarından danışıb.

Bildirib ki, bu sahədə mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı kompleks qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib, mühüm qanunlar qəbul edilib, yeni ixtisaslaşmış – kommersiya, habelə inzibati məhkəmələr yaradılıb, dövlətimizin başçısının 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilib.

Həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlər yaradılıb, hakimlərin sosial müdafiəsi və məhkəmələrin təminatı yaxşılaşdırılıb, innovativ və rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib.

Ötən dövrdə məhkəmə hakimiyyətinin infrastrukturunun onun yüksək statusuna uyğun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb. Bu sahədə Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 25-ə yaxın məhkəmə üçün konseptual baxımdan yeni, müasir İKT və avadanlıqla təchiz olunmuş bina və komplekslər inşa edilib və onlar “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqla yüksək texnoloji (hi-tech) məhkəmələrə çevriliblər.

Prezident İlham Əliyev Sabunçu, Şəki Məhkəmə komplekslərinin, eləcə də Yasamal, Nərimanov, Binəqədi və Oğuz Rayon məhkəmələri üçün yeni binaların açılışlarında iştirak edib. Bu ərəfədə isə dövlət başçısı tərəfindən paytaxtın Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası və Masallı Məhkəmə Kompleksi istifadəyə verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir. Məhkəmə sistemində kadr islahatları aparılaraq, Ali Məhkəmənin bütün 4 kollegiya sədri, habelə apellyasiya məhkəmələrinin 11 kollegiya sədri, 19 birinci instansiya məhkəməsinin sədrləri vəzifəsinə yeni təyinatlar aparılıb. Ali Məhkəmənin 7 hakimi aşağı işə keçirilib, zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 40-dan çox hakim ali və apellyasiya məhkəmələrinə irəli çəkilib. Dövlətimizin başçısının 2021-ci il 24 may tarixli Sərəncamı ilə bütün 5 apellyasiya məhkəməsinin sədrləri dəyişdirilib.

Hazırda 120-dək hakimin fəaliyyəti qiymətləndirilərək 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilib. Ümumiyyətlə isə son bir ildə 20 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla xitam verilib.

Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlavə ayrılmış 200 hakim ştat vahidinin komplektləşdirilməsi məqsədilə davamlı olaraq şəffaf seçim keçirilərək artıq 44 nəfər müxtəlif hakim vəzifələrinə təyin olunub. 300-dək namizəd isə müsabiqənin müxtəlif mərhələsindədirlər. Onların sırasında gənclər üstünlük təşkil edir. Mövcud hakim korpusunda orta yaş həddi 50-dən yuxarı olduğu halda, yeni təyinat alan hakimlərin orta yaşı 35-dir. Həmçinin mövcud hakim korpusunda qadınların sayı 15 faizə qədərdir, yeni hakimlər sırasında isə qadınların sayı 40 faizi ötür.

Sonra yeni məhkəmə bina və kompleksinin açılışına və ədliyyə sahəsində innovasiyalara dair video-çarx nümayiş olunub.

Təqdimat zamanı bildirilib ki, “Elektron məhkəmə” vasitəsilə məhkəmə prosesində video-əlaqə ilə iştirak imkanı yaradılaraq karantin rejimində məhkəmə işlərinə onlayn qaydada baxılması mümkün olub. E-məhkəmənin tətbiqi ilə digər orqanlarla inteqrasiya hesabına sənədlər ani vaxt rejimində əldə edilir. “Mobil məhkəmə” tətbiqi vasitəsilə isə smartfonla məhkəməyə elektron müraciət etmək, sənədlər və qərarlarla məhkəməyə gəlmədən tanış olmaq mümkündür.

Eyni zamanda, “Elektron icra” sisteminin tətbiqi məhkəmə qərarlarının icrasının səmərəsini artırıb, bu sistem də zəruri sənədləri müxtəlif orqanlardan dərhal onlayn qaydada almağa imkan verib. Hamı üçün əlçatan olan ümumi ödəniş terminalları və elektron ədliyyə köşkü vasitəsilə borcu ödəmək mümkündür ki, bu zaman hətta borca görə ölkəni tərk etmək qadağası dərhal, avtomatik aradan qaldırılır.

Məlumat verilib ki, hazırda istifadəçilərinin sayı 115 minə yaxın “Mobil notariat” da təkmilləşdirilərək məhkəmədə təmsilçilik üçün vəkilə verilən, habelə nəqliyyat vasitələrinə dair etibarnamələrin, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün müvafiq razılıq və digər sənədlərin notariata getmədən, mobil telefonla rəsmiləşdirilməsi mümkündür.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahədə uğurlu siyasətinə dəstək olaraq dövlətin pulsuz dərmanla təmin etdiyi kimsəsiz şəxslərə həmin dərmanları əldə etmək üçün müvafiq etibarnamənin elektron qaydada ödənişsiz verilməsi təşkil edilib.

Banklarda notariat xidmətlərinə ehtiyac duyulduqda bu hərəkətlərin dərhal yerində video-əlaqə vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılıb. Eyni xidmətlər, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan böyük sosial əhəmiyyətə malik “DOST mərkəzləri”ndə də göstərilir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hakimlər, Milli Məclisin deputatları Musa Qasımlı və Anar İsgəndərov, ictimaiyyətin nümayəndələri və digər çıxış edənlər müasir məhkəmə binalarının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmələrin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının, bu sahədə şəffaflığın artırılmasına xidmət etdiyini bildirib, regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.



























Çap et

04.06.2021
 












© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az