Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MÜTƏRƏQQİ MƏHKƏMƏ İSLAHATLARI UĞURLA DAVAM ETDİRİLİR

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Tədbirdə çıxış edən Fikrət Məmmədov ötən ilin ölkəmiz üçün uğurlu olduğunu, təməli dahi öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyini, dünyada baş verən siyasi və iqtisadi təlatümlərə, qlobal böhranlara baxmayaraq ölkəmizdə sabitlik və intensiv inkişafın təmin edildiyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, 2017-ci ildə Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, bu sahədə yeni qanunvericilikdən irəli gələn məsələlər, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məsuliyyət hissinin yüksəldilməsi, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, hakimliyə namizədlərin seçimi ilə bağlı 30-dək məsələyə baxılmış, bu tədbirlər KİV-də geniş işıqlandırılmışdır.

Dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 10.02.2017-ci il tarixli Sərəncamı bütün hüquq-mühafizə orqanları və məhkəmələr üçün “yol xəritəsi”nə çevrilmişdir. Bu müstəsna əhəmiyyətə malik sənədin icrası üzrə tədbirlər Məhkəmə-Hüquq Şurasında müzakirə olunmuş, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilmiş, həbs qətimkan tədbirinin seçilməsi qaydası təkmilləşdirilmiş, onun müddətinin uzadılmasına təsirli nəzarət mexanizmləri yaradılmışdır.

Qeyd olunmuşdur ki, görülmüş ardıcıl tədbirlər nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 25%-dək azalmış, müxtəlif əsaslarla həbsdən azad edilənlərin sayı isə 15% artmışdır. Həmçinin, həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmələrə verilən təqdimatların sayı 26%, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 1/3 qədər azalmışdır.

2017-ci ildə səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilmiş, ciddi qanun pozuntularına yol verdikləri aşkar edilmiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilmiş, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilmişdir. Yuxarı instansiya məhkəmələrində mövcud olan vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq 15 nəfər ali və apellyasiya məhkəmələrinə irəli çəkilmişlər.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilmiş, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunmuş, digər tədbirlər görülmüşdür.

İclasda ötən il hakimliyə namizədlərin seçimi prosesinin davam etdiyi, şəffaf prosedurlarla keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış 126 namizədin 2017-ci ilin yanvar ayından uzunmüddətli tədrisə cəlb edildiyi vurğulanmışdır. Kurs zamanı onların beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi önəm verilmiş, bütün hakimliyə namizədlər Türkiyədə, habelə Avropa İnsan Hüquqları Məhkəməsində nəzəri və praktiki təlimlər keçmişlər.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müasir məhkəmə infrastrukturunun yaradılmasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə ardıcıl işlər görülmüş, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində və dövlət büdcəsi hesabına İmişli və Qəbələ rayon məhkəmələri üçün inşa edilmiş yeni müasir məhkəmə binaları istifadəyə verilmiş, Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Suraxanı və Binəqədi, habelə Masallı və Zaqatala rayon məhkəmələri üçün inzibati binaların inşası davam etdirilmişdir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün inşa edilmiş yeni müasir binanın açılışında dövlət başçısı cənab İlham Əliyevin şəxsən iştirakı və yaradılan şəraitlə tanışlığı məhkəmə hakimiyyətinə böyük etimadın və yüksək qayğının təzahürü olmuşdur.

Ədalət mühakiməsinin səmərəliliyinin arıtırlması üzrə məqsədyönlü tədbirlər məhkəmə işlərinin keyfiyyətinə də təsir göstərmiş, 2017-ci ildə birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 97,6%-i, hökmlərin isə 88,3 %-i dəyişdirilməyərək sabit qalmışdır.

Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq 2017-ci ildə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərinin iştirakı ilə 500-dən çox hakimi əhatə edən 30-dan artıq tədris tədbirləri təşkil olunmuş, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzuların tədrisinə üstünlük verilmişdir.

Eyni zamanda Ədliyyə Akademiyası müasir İKT ilə təchiz edilmiş və Avropa Məhkəməsinin hakimləri və təcrübəli ekspertlərin iştirakı ilə video-konfrans vasitəsilə distant təlimlərin keçirilməsinə başlanılmışdır.

Məhkəmə sistemində aparılan islahatlar mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. 2017-ci ildə Avropa Şurası tərəfindən keçirilən müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adılı layihəsi "Ədliyyənin Kristal Tərəzisi" nüfuzlu mükafatına layiq görülmüşdür.

Həmçinin, Avropa Şurasının müraciəti əsasında ötən ildə Azərbaycan nümayəndə heyəti tərəfindən Moldovaya səfər edilərək məhkəmə infrastrukturunun yaradılması sahəsində müsbət təcrübəmizlə bölüşülmüş, Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizə səfər edərək məhkəmə sistemimizdəki yenilikləri, o cümlədən elektron məhkəmənin tətbiqi təcrübəsini öyrənmişdir.

İclasda təşkilati məsələlərə də baxılmış, Ali Məhkəmənin sədri, Şura üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlət başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanmış, yeni Şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunmuş, Fikrət Məmmədov yenidən Şuranın sədri seçilmişdir.

Eyni zamanda 2018-ci ildə səlahiyyət müddəti başa çatan 100-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi məsələləri müzakirə edilmiş, dövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tapşırıqları vurğulanmışdır. Hakimlər tərəfindən etik davranış qaydalarına dürüst əməl edilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılmışdır.

Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilmiş, Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayevə irad tutulmuş, habelə 1 hakim barədə intizam icraatı başlanılmışdır.

Çap et

27.02.2018
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az