Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
                 www.courts.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilmişdir.

Tədbirdə çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dünyanı iqtisadi böhran bürüdüyü şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafının təmin olunduğunu, sosial və iqtisadi layihələrin uğurla icra edildiyini məmnunluqla diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş insan haqlarının prioritetliyi və humanizm siyasətinə sadiqlik ölkəmizdə dövlət idarəçiliyinin əsas prinsiplərinə çevrilmişdir. Möhtərəm Prezidentimiz tərəfindən 3.800-dən çox, o cümlədən ötən ay 423 məhkum əfv edilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 min insana şamil olunmuşdur. Ölkə Prezidentinin təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək, 1500-dək məhkum cəza çəkməkdən azad olunmuş, yaxud cəza müddətləri azaldılmışdır. Bu baxımdan dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunmuşdur.

İclasda Sərəncamın icrası üzrə tədbirlər müzakirə olunmuş, onun ölkəmizdə insan haqlarının, xüsusilə azadlıq hüququnun təmin edilməsi, habelə məhkəmə, prokurorluq və istintaq orqanlarının fəaliyyətinin yeni tələblər səviyyəsində qurulması üçün «yol xəritəsi» olduğu vurğulanmışdır. Həbs qətimkan tədbirinin seçilməsinə yanaşmanın köklü surətdə dəyişməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə nail olunması Sərəncamın əsas məqsədlərindən biri kimi müəyyən edilmişdir.

Bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi əvvəllər ümumiləşdirilmiş, məsələyə həssaslıqla yanaşılması məhkəmələrə tövsiyə edilmişdir. Bu sahədə kobud pozuntulara görə Məhkəmə-Hüquq Şurası tərəfindən 15 hakim ciddi intizam məsuliyyətinə cəlb edilmiş, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bununla belə köklü dönüş baş verməmiş, həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməklə, alternativ tədbirlərə lazımi diqqət yetirilməmişdir.

Qeyd olunmuşdur ki, məhkəmələrdə baxılan cinayət işlərinin və bütövlükdə məhkumetmənin sabitliyi ölkəmizdə ictimai təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsində önəmli nailiyyətdir. Lakin təəssüf ki, barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan, habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayı xeyli artmışdır. Bununla əlaqədar həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təcrübə Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək bu günlərdə Plenumun geniş iclasında müzakirə olunmuş, bu sahədə mövcud nöqsanların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınmışdır.

Həmçinin, Şurada Sərəncamda verilmiş tapşırıqların icrası məqsədilə yaradılmış Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupunun məlumatı dinlənilmişdir. Cəza siyasətinin humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişikliyin edilməsi, o cümlədən iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə, şərti məhkum etmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə hazırlanmış mühüm qanun layihəsi ətraflı müzakirə edilmişdir.

Eyni zamanda bildirilmişdir ki, Sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanılması nəticəsində 450-yə yaxın həbsdə olan şəxs qanuni əsaslarla istintaq təcridxanalarından azadlığa buraxılmış, təcridxanalara daxil olan həbs edilmiş şəxslərin sayı xeyli azalmışdır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri iclasda çıxış edərək Sərəncamın insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında, ədalətli cəza siyasətinin formalaşdırılmasında proqram xarakteri daşıdığını bildirmişlər.

İclasda Sərəncamın dürüst icrasının təmin edilməsi məqsədilə hakimlərin və istintaq orqanlarının məsuliyyətinin yüksəldilməsi, yol verilən pozuntulara qarşı barışmaz münasibət göstərilməsi, həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin mütəmadi təhlil olunaraq ümumiləşdirilməsi, həbs müddətinin uzadılmasına yeni, təsirli nəzarət mexanizmlərinin işlənilməsinin və ədalətli cəza siyasəti formalaşmasının zəruriliyi vurğulanmışdır.

Şurada ötən il məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətlərinin daha da genişləndirilməsi ilə bağlı mütərəqqi dəyişikliklər edilməsi, o cümlədən məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən olunması səlahiyyətinin Məhkəmə-Hüquq Şurasına həvalə edilməsi diqqətə çatdırılmışdır.

Bununla əlaqədar iclasda məhkəmələrin ərazi yurisdiksiyası ilə bağlı apellyasiya məhkəmələrinin təklifləri dinlənilmiş, məhkəmələrin iş yükü üzrə aparılmış təhlillər və onun mütənasibliyi nəzərdən keçirilmiş, ərazi yurisdiksiyası zəruri dəyişikliklər edilməklə yenidən təsdiq olunmuşdur.

İclasda həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanılmışdır.

Çap et

13.04.2017
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az