Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
                 www.courts.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
İMİŞLİ RAYON MƏHKƏMƏSİNİN YENİ MÜASİR İNZIBATİ BİNASI İSTIFADƏYƏ VERİLİB

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib, yeni məhkəmələr təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun infrastrukturunun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb.

Bununla bağlı dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 11 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 8 məhkəmə üçün bina və komplekslərin intensiv inşası aparılır.

Ölkə başçısının Bakı şəhəri Yasamal, Sabunçu, habelə Şəki və Oğuz rayon məhkəmələri üçün yeni bina və komplekslərin açılışlarını şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə verdiyi böyük önəmin bariz nümunəsidir.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq martın 29-da İmişli rayonunda dövlət büdcəsi hesabına müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub.


Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin İmişli rayonunda abidəsi ziyarət olunaraq, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.300 m2, iki mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə Prezidentinin tapşırığına uyğun olaraq elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi və digər avadanlıqlar quraşdırılıb. Burada həmçinin, konfrans və iclas zalları, təlim otağı, kitabxana, arxiv, təqsirləndirilən şəxslərin saxlanması üçün kameralar, konvoy maşını üçün dayanacaq və digər sahələr mövcuddur.

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq İmişli Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb.

Mərasimdə çıxış edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.

Ölkə Prezidentinin ötən ay imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq məhkəmələrin üzərinə bununla bağlı mühüm vəzifələrin düşdüyü bildirilib, insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılaraq, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi vurğulanıb. Eyni zamanda, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi, qərəzli yanaşmanın, korrupsiyanın yolverilməzliyi qeyd edilib.

Nazir İmişli Rayon Məhkəməsinin müasir inzibati binasının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini bildirib.

Mərasimdə çıxış edən İmişli rayon icra başçısı V.Hacıyev, millət vəkili Ç.Qənizadə və hakimlər regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Çap et

29.03.2017
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az