Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilmişdir.

İclasda ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dünyada baş verən iqtisadi böhran və təlatümlərə baxmayaraq ötən il dahi öndərin dövlət inkişafı kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, qətiyyətli iqtisadi islahatlar nəticəsində qlobal böhranın ölkəmizə təsirinin minimuma endiyini, iri həcmli sosial layihələrin uğurla icra edildiyini diqqətə çatdırmışdır. Milli Ordumuzun ötən ilin aprel ayında düşmən üzərində qələbəsi və azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılmasının hər kəsdə böyük ruh yüksəkliyi yaratdığı bildirilmişdir.

Qeyd olunmuşdur ki, ötən il Məhkəmə-Hüquq Şurasının iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məsuliyyət hissinin artırılması, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, habelə hakimliyə namizədlərin seçimi ilə bağlı bir çox məsələlərə baxılaraq konkret qərarlar qəbul edilmiş, bu tədbirlər Şuranın İnternet səhifəsində (jlc.gov.az) və mətbuatda geniş işıqlandırılmışdır.

Mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə hazırlanmış mühüm qanunvericilik layihələri Şuranın müzakirəsinə çıxarılmışdır. Qanunvericiliyə edilmiş dəyişiklikərə əsasən məhkəmə sisteminin müstəqilliyinin etibarlı təmini və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən olunması ilə bağlı Məhkəmə-Hüquq Şurasının üzərinə əlavə vəzifələr qoyulmuş, məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətləri genişləndirilmişdir.

Məhkəmə səhvlərinin azaldılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq bütün hakim korpusunu əhatə edən silsilə təlimlər təşkil olunmuş, mövcud pozuntular və onların aradan qaldırılması, hakimlərin davranışı, məhkəmə idarəçiliyi, sənədlərin keyfiyyətli tərtibi ilə bağlı mövzuların tədrisinə üstünlük verilmişdir.

Ötən il hakimliyə namizədlərin növbəti seçimi təşkil edilmişdir. Nüfuzlu beynəlxalq təsisatlar tərəfindən örnək kimi göstərilən seçim qaydasına uyğun olaraq namizədliyini irəli sürən 800-dən çox hüquqşünasla şəffaf prosedurlar əsasında, çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin iştirakilə test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilmişdir. İmtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə hazırlanmaları üçün 1 illik tədris kursuna cəlb edilmişlər.

Kursun proqramı müasir tədris metodu və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Hazırda davam edən kurs zamanı insan haqlarının etibarlı qorunması, məhkəmə etikası, qərarların tərtibi, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular təcrübəli hakimlər və mütəxəssislər tərəfindən tədris olunur, namizədlərin məhkəmələrdə staj keçməsi, xarici dövlətlərdə, Avropa Məhkəməsində olmaqla qabaqcıl beynəlxalq təcrübələri öyrənməsi nəzərdə tutulur.

Ədalət mühakiməsinin səmərəsinin artırılmasında müasir məhkəmə infrastrukturu yaradılmasının əhəmiyyəti nəzərə alınaraq 2016-cı ildə Dünya Bankı ilə birgə Layihələr çərçivəsində 6, dövlət büdcəsi hesabına isə 4 yeni, müasir məhkəmə Kompleksi və binalarının tikintisi davam etdirilmiş, digər məhkəmə binalarının müasirləşdirilməsi üzrə zəruri tədbirlər görülmüşdür. Mülki dövriyyənin inkişafı, məhkəmələrə əlçatanlığın asanlaşması və insanların etimadının nəticəsidir ki, 2016-cı ildə mülki sahə üzrə məhkəmələrə müraciətlərlərin sayı 45%-dək çoxalaraq, 470 mini ötmüşdür (yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə 20 dəfədən çox). Birinci instansiya məhkəmələrində mülki xarakterli iddiaların 96,8%-i, inzibati mübahisə üzrə iddiaların isə 84.4%-i təmin edilmişdir.

Mülki xarakterli işlər üzrə yekun qərarların 98,5%-nin, inzibati işlər üzrə qərarların isə təxminən 90%-nin dəyişdirilməyərək sabit qalması hüquqların məhkəmə müdafiəsinin real göstəricisi olmuşdur.

İclasda həmçinin, Şuranın yeni qanunvericilikdən irəli gələn vəzifələri müzakirə edilmiş, 2017-ci ildə səlahiyyət müddəti başa çatan 130-dan çox hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir. Ölkə başçısının korrupsiya ilə qəti mübarizə aparılması, məhkəmə qərarlarının ədalətliliyi, qərəzli yanaşmanın aradan qaldırılması, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınmasının vacibliyi vurğulanmışdır.

Qeyd olunmuşdur ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilmiş, 12 hakim intizam məsuliyyətinə cəlb olunmuş, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilmişdir.

Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev və digər Şura üzvləri məhkəmə fəaliyyətinin təkmilləşməsi, vahid məhkəmə təcrübəsinin və ədalətli cəza siyasətinin formalaşması məqsədilə aparılan təhlillərin və cinayət qanunvericiliyinin humanistləşdirilməsi məsələlərinin aidiyyəti qurumlarla birgə müzakirəsinin, məhkəmə proseslərində müasir texnoloji yeniliklərin tətbiqinin zəruriliyini qeyd etmişlər. İnsan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyət daşıdığı diqqətə çatdırılmış, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə xüsusilə həssas yanaşılmasının, yuxarı məhkəmələr tərəfindən işlərə baxılarkən aşkar edilən korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi bildirilmişdir.

Şurada həmçinin, qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilmiş, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulmuşdur.

Çap et

09.02.2017
 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az