Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR GÖRÜLÜR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasdan əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında aprel ayının 30-da baş vermiş faciə zamanı həlak olanların xatirəsi şura üzvləri tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.

Ədliyyə Naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilmişdir.

Qeyd olunmuşdur ki, dövlət başçısı cənab İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin Avropada ən mütərəqqi qaydalarla seçilməsi qaydası müəyyən edilmişdir. Ötən il hakimliyə namizədlərin növbəti seçim prosesinə başlanılmış, 4-ay davam edən sənəd qəbulu nəticəsində 440-dək hüquqşünas namizədliyini irəli sürmüş, onların imtahanlara hazırlaşmalarına kömək məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən təcrübəli mütəxəssislərin iştirakı ilə müvafiq kurslar təşkil edilmişdir. Eyni zamanda "Hakim vəzifəsinə namizədin yaddaş kitabçası" hazırlanaraq namizədlərə təqdim olunmuş, kitabçaya hakimlərin seçilməsi qaydası, suallara dair məlumat, hakimliyə namizədin imtahanqabağı və imtahan zamanı vəzifələri, imtahan prosedurları, qanunların öyrənilməsi məqsədilə tövsiyələr, sual nümunələri və məsləhətlər daxil edilmişdir.

Hakimliyə namizədlərlə test imtahanı may ayının 7-də, şəffaf prosedurlar əsasında, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə, bütün namizədlər üçün vahid auditoriyada " Bakı İdman Sarayında keçiriləcəkdir. İmtahan prosesinin bütün mərhələləri " sualların seçilməsi, test sualları kitabçasının çap edilməsi, cavabların təxirəsalınmadan yoxlanılması bilavasitə imtahan keçirilən auditoriyada namizədlərin qarşısında həyata keçiriləcəkdir.

İclasda məhkəmələrin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bəzi vakant hakim vəzifələrinin komplektləşdirilməsi ehtiyacı qeyd edilmiş, müvafiq kadr məsələlərinə baxılmışdır. Həmçinin iclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq fəaliyyətində ciddi qanun pozuntuları və digər nöqsanlara yol verdiyinə görə İbrahim Fəttahovun Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin sədri vəzifəsindən başqa işə keçirilməsi haqqında qərar qəbul edilmiş, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 3 hakim barədə intizam icraatları başlanılmışdır.

Çap et

04.05.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az