Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinin 40 illiyi ilə əlaqədar Məhkəmə-Hüquq Şurasının üzvləri Ədliyyə Nazirliyinin rəhbərliyi, məhkəmə sədrləri və hakimlərlə birgə Fəxri Xiyabanda dahi öndərin məzarını ziyarət etmiş, onun əziz xatirəsini böyük ehtiramla yad etmişlər.

Sonra Məhkəmə-Hüquq Şurasının iclası keçirilmişdir. Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan tarixində müstəsna xidmətləri olan ümummilli liderimizin zəngin və mənalı ömür yoluna, fədakar xilaskarlıq missiyasına bir daha nəzər salınmış, məhkəmə-hüquq sistemimizin müasirləşdirilməsi naminə həyata keçirdiyi çoxşaxəli islahatlar qeyd edilmiş, əbədiyaşar liderimizin dövlət inkişafı kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilmişdir.

İclasda ölkə başçısı tərəfindən təsdiq olunmuş Azərbaycan Ədliyyəsinin inkişafına dair dövlət proqramının icrası ilə bağlı görülən işlər qeyd olunmuş, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, məhkəmə və ədliyyə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, vahid elektron şəbəkə yaradılmaqla sənəd dövriyyəsi və informasiya mübadiləsinin asanlaşdırılması üzrə tədbirlər vurğulanmışdır. Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində müxtəlif instansiya məhkəmələri üçün beynəlxalq tələblərə uyğun 21 binanın inşası, yenidən qurulması və əsaslı təmirinin aparılması məqsədilə mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə müvafiq layihələr hazırlanmışdır.

Tədbirdə həmin məhkəmə binalarının layihələri və daxili quruluşu geniş müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, məhkəmələrin yüksək statuslarına uyğun layihələndirilən bu binalarda müasir tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına, onların məhkəmə fəaliyyəti barədə məlumatlılığının genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir.

Yeni tikilən məhkəmə binalarının layihələrinin təkmilləşdirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurası üzvlərinin təklif və tövsiyələri dinlənilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.

Ölkəmizdə korrupsiyaya ilə mübarizə sahəsində görülən işlər, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında ölkə Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanının əhəmiyyəti vurğulanmış, korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 9 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, bu kimi hallara qarşı qəti tədbirlərin görülməsinin vacibliyi qeyd olunmuş, bu sahədə Baş prokurorluqla əlaqəli fəaliyyət üzrə tədbirlər müzakirə edilmişdir.

Eyni zamanda iclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq fəaliyyətində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Bakı şəhərinin Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılova, Səbail rayon məhkəməsinin hakimi Fuad Hüseynova, Şirvan yerli iqtisad məhkəməsinin hakimi Elxan Əmirəliyevə töhmət verilmiş, Yasamal rayon məhkəməsinin hakimi Abbas Rzayevə irad tutulmuş, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 hakim barədə intizam icraatı başlanılmışdır.

Çap et

14.07.2009
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az