Ədalət mühakiməsinin səmərəliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir.
Mətbuatda xəbər verildiyi kimi, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni başa vurmuş 102 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən 18 beynəlxalq və yerli təşkilatlardan olan 40-dək müşahidəçinin iştirakı ilə şifahi imtahanlar keçirilmişdir.
İmtahanların nəticələri üzrə hakimliyə namizədlərin bilikləri məqbul sayılaraq onların hamısı yekun müsahibəyə buraxılmışlar.